Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Neft məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq, daha yaxşı şərait yaratmaq üçün vasitədir

22.09.2020

 

2020-09-22

Abşeron” yatağında quraşdırılacaq dörd əsas dayaq bloku və digər sualtı qurğular SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən tikilib. Tikinti işlərinə ümumi çəkisi 10 min tona yaxın olan əsas və köməkçi dayaq bloklarının, körpülərin, estakadaların, məşəl sisteminin, sualtı qurğuların, boru xəttinin, modulların inşası və quraşdırılması daxildir. “Abşeron” layihəsi üzərində iş zamanı “BOS Şelf” şirkəti Azərbaycanda ilk dəfə bütün mühəndislik, təchizat, tikinti, quraşdırma işlərini həyata keçirməklə layihənin tam təminatla təhvil verilməsi üsulunu tətbiq edib. Yataqdan qazın hasilatı üçün quraşdırılacaq platforma öz növünə görə nadirdir. Belə ki, platformanı kənardan, yəni, “Neft Daşları”nda yerləşdirilən moduldan idarə etmək üçün innovativ həll yolları işlənilib hazırlanıb. “Abşeron” layihəsində Xəzərdə ilk dəfə “boru içində boru” texnologiyası tətbiq olunacaq. Sonra “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlinin qoyulmasını bildirən düymə basıldı. Xəzər dənizinin Azərbaycan sektorunda suyun 500 metr dərinliyində yerləşən “Abşeron” yatağının ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində qiymətləndirilir. Yatağın istismarı Azərbaycanın təbii qaza artmaqda olan daxili tələbatının təmin edilməsinə əhəmiyyətli töhfə verəcək. Daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab Prezident İlham Əliyev Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibə verdi.

- Bu, doğrundan da çox əhəmiyyətli hadisədir. Çünki bu gün faktiki olaraq “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi başlayır və əminəm ki, bu mərhələ də uğurlu olacaq. Beləliklə, Azərbaycan öz neft-qaz strategiyasında önəmli hadisəyə, önəmli addıma imza atacaqdır. “Abşeron” yatağının tarixi bir qədər fərqlidir. Çünki ilk dəfə “Abşeron” qaz yatağı üzrə kontrakt xarici tərəfdaşlarla hələ 1990-cı illərin sonlarında imzalanmışdır. Mən o günləri yaxşı xatırlayıram və bizim “Abşeron” yatağı ilə əlaqədar böyük ümidlərimiz var idi. Çünki bizim geoloqlarımız, xüsusilə Xoşbəxt Yusifzadə tam əmin idi ki, bu yataqda kifayət qədər böyük qaz ehtiyatları vardır. Bir də ki, “Abşeron” yatağı üzrə kontrakt “Şahdəniz” qaz-kondensat yatağı üzrə kontraktdan sonra imzalanmışdır və əslində, bu, onu göstərirdi ki, Azərbaycan artıq neft ölkəsindən qaz ölkəsinə keçid alır. Ancaq əfsuslar olsun ki, müəyyən müddətdən sonra birinci kontrakta xitam verildi. Onun da səbəbi ondan ibarət idi ki, qazılan kəşfiyyat quyusu boş çıxdı. Xatırlayıram, o vaxt bizim görkəmli geoloqumuz Xoşbəxt Yusifzadə demişdi ki, quyunun yeri düzgün seçilməmişdir və xarici tərəfdaşları inandırmağa çalışırdı ki, onlar öz iş proqramına bir qədər düzəlişlər etsinlər. Ancaq əfsuslar olsun ki, onun sözünə baxmadılar. Halbuki, Xəzər dənizini Xoşbəxt Yusifzadə kimi tanıyan ikinci adam dünyada yoxdur. Ancaq heç bir nəticə əldə olunmadı və xarici şirkət bu yatağı tərk etdi. Yenə də deyirəm, biz tam əmin idik ki, burada çox böyük qaz ehtiyatları vardır. Şadam ki, “Total” şirkəti eyni fikrə gəldi və SOCAR-la müvafiq sənədlər imzalandı. Ondan sonra praktiki işlər aparıldı və böyük qaz-kondensat yatağı aşkarlandı. Bu önəmli hadisə - yatağın aşkarlanması ilə əlaqədar ilk xəbəri mənə Xoşbəxt müəllim vermişdir. Beləliklə, bizim neft-qaz potensialımızın inkişafı üçün çox böyük resurs əldə edildi. Bu yataqda 350-360 milyard kubmetr qaz ehtiyatları vardır. Amma mən hesab edirəm ki, daha çox olacaq. Çünki artıq bizdə olan təcrübə onu göstərir ki, ehtimal olunan resurslardan daha böyük resurslar üzə çıxır və 100 milyon ton kondensat - bu da xam neftə bərabər olan bir məhsuldur. Beləliklə, Azərbaycan bundan sonra da etibarlı qaz təchizatçısı olacaqdır. Onu da bildirməliyəm ki, “Abşeron”un birinci mərhələsində çıxarılacaq qaz daxili tələbatlara istiqamətləndiriləcək. Çünki buna da ehtiyac var. Artan əhali, artan sənaye bunu tələb edir. İkinci mərhələdə hasil olunacaq qaz isə ixrac yolu ilə dünya bazarlarına çıxarılacaq. Çünki artıq bu yatağın tam

işlənməsi mərhələli yollarla öz həllini tapacaq. Eyni zamanda, bizim neft hasilatımızın sabit qalması üçün bu yatağın böyük önəmi var. Çünki 100 milyon ton kondensat - bu da Bakı-Tbilisi-Ceyhan ixrac boru xətti ilə dünya bazarlarına çıxarılacaq. Beləliklə, “Azəri-Çıraq-Günəşli”də mövcud olan və davam edən təbii hasilat tənəzzülünü “Abşeron” yatağı bir qədər kompensasiya edəcək. Ona görə bu, növbəti böyük hadisədir. Bütün bu qurğular Azərbaycanda istehsal olunub. Mən keçən ay burada olarkən “Qarabağ” dayaq blokunun dənizə göndərilməsini qeyd edirdim. Artıq bu blok burada bizim qarşımızdadır, dənizdədir və bu gün növbəti dayaq bloklarının dənizə göndərilməsi, əlbəttə ki, çox əhəmiyyətli hadisədir. Əminəm ki, qrafik üzrə iki ildən sonra “Abşeron” yatağından ilk qaz və kondensat çıxarılacaqdır.

-Mən neftçiləri qarşıdan gələn peşə bayramları münasibətilə təbrik etmək və onlara yeni uğurlar arzulamaq istəyirəm. Neftçilər hər zaman Azərbaycanda böyük hörmətə layiq insanlar olub. Bu gün də belədir və neftçilərin əməyi əsl qəhrəmanlıqdır. Neftçi peşəsi həm hörmətli peşədir, eyni zamanda, riskli, təhlükəli peşədir və bir daha demək istəyirəm ki, onların əməyi əsl qəhrəmanlıqdır. Eyni zamanda, ölkəmizin uğurlu inkişafında neftçilərin çox böyük rolu vardır. Bu gün ölkə iqtisadiyyatının əsas hissəsi neft-qaz sektoru ilə bağlıdır və bu, bundan sonra uzun illər belə olacaq. Söhbət ondan getmir ki, digər sektorlar inkişaf etmir, edir, ancaq nə qədər inkişaf etsə də, yaxın gələcəkdə neft-qazdan əldə olunan gəlirlərin yerini tuta bilməyəcək. Eyni zamanda, bizim yeni layihələrimiz – bu gün “Abşeron”, bir ay əvvəl “Qarabağ”, digər layihələrin icrası bundan sonra da neft-qaz amilinin önəmli rolunu təsdiqləyəcək.

Ona görə ölkəmizin uğurlu gələcəyi neftçilərin peşəsindən, onların nailiyyətlərindən böyük dərəcədə asılı olacaqdır. Çox şadam ki, mənim də həyatımın 9 ili Azərbaycan Dövlət Neft Şirkətində keçibdir. O illərdə əldə etdiyim təcrübə mənim üçün çox qiymətlidir və çox gözəl xatirələrim var. Əldə etdiyim təcrübə, biliklər bu gün mənə kömək göstərir. Mən şirkətin vitse-prezidenti kimi xarici əlaqələrə rəhbərlik edirdim və əsas kontraktların hazırlanmasında, imzalanmasında fəal rol oynayırdım. Çox şadam ki, mən bizim görkəmli neftçilərimizlə bir yerdə işləmişəm. Əfsanəvi Neftçi Qurban - Qurban Abbasov, bax bu nəhəng kran gəmisi onun adını daşıyır. Onunla birlikdə işləmişəm. O, çox prinsipial mövqeyi olan, çox bilikli, peşəkar və cəsarətli adam idi. Belə adamla, sadəcə, təmasda olmaq, bir yerdə işləmək böyük təcrübədir. Biz müntəzəm olaraq Dövlət Neft Şirkətinin şurasında görüşürdük, məsələləri müzakirə edirdik. Mən söz düşmüşkən deyə bilərəm və hesab edirəm ki, Neftçi Qurban dünyada birnömrəli neftçi sayılmalıdır. Eyni zamanda, Xoşbəxt Yusifzadə ilə, bizim əfsanəvi neftçi-geoloqla birlikdə işləmişik. Dövlət Neft Şirkətinin köhnə binasında bizim iş otaqlarımız da yanbayan idi, ikimizin bir qəbul otağımız var idi. Ona görə hər gün görüşürdük və bu gün də görüşürük. Şadam ki, Xoşbəxt müəllim bugünkü mərasimdə iştirak edir və bizimlə birlikdə düyməni basıb. Çünki “Abşeron” yatağının işlənməsində onun çox böyük rolu var. Bu gün neftçilər də görürlər ki, onların əməyi Azərbaycan xalqının maraqlarına xidmət edir və bu, onlar üçün də çox önəmlidir. Çünki onlar bilirlər ki, bu gün və bundan sonra ölkəmizin həm siyasi, həm iqtisadi nailiyyətləri böyük dərəcədə neft-qaz amilinə söykənir. Belə olan halda, bu, onları daha da ruhlandırır. Bir daha demək istəyirəm, mən hər zaman fəxr etmişəm ki, həyatımın 9 ili Dövlət Neft Şirkətində keçib və neftçilərin həmkarı kimi onları ürəkdən təbrik edirəm, yeni uğurlar arzulayıram. Bəli, Azərbaycan o ölkədir ki, XIX əsrin ortalarında ilk dəfə sənaye üsulu ilə neft hasil edilibdir. XX əsrin ortalarında tarixdə ilk dəfə dəniz yataqlarından neft Azərbaycanda hasil edilibdir. Ancaq əgər biz tarixə baxsaq görərik ki, o vaxt Azərbaycanda çıxarılan neft Azərbaycan xalqının maraqlarına xidmət etmirdi. Çünki çar Rusiyası dövründə varlılar varlanırdı, amma kasıblar daha da ağır vəziyyətə düşürdü,

insanların əməyi çox ağır idi. Bir daha deyirəm, Azərbaycanda çıxarılan neft Azərbaycan xalqının maraqlarına xidmət etmirdi. Əgər biz o vaxt müstəqil ölkə olsaydıq, mən tam əminəm ki, Azərbaycan dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi. Ancaq biz müstəqil deyildik. Düzdür, o vaxt zəngin neft maqnatları, onlar əldə etdikləri gəlirlərin bir hissəsini xeyriyyəçiliyə sərf edirdilər, xüsusilə Hacı Zeynalabdin Tağıyev, Muxtarov, Əsədullayev. Tağıyev, bildiyiniz kimi, Bakıya Şollar su kəmərini çəkdirmişdir, eyni zamanda, təhsilə böyük əhəmiyyət verirdi. Çünki görürdü ki, Azərbaycan gəncləri təhsildən kənarda qalırlar və beləliklə, gələcəkdə onların inkişafı və yüksək yerlərə çıxması problemli ola bilər. Ona görə hesab edirəm ki, Azərbaycanın neft maqnatları arasında onun xüsusi rolu vardır. Bizim ailəyə də onun köməyi dəymişdir. Mənim babam Əziz Əliyev qədim Azərbaycan torpağı olan İrəvan xanlığı ərazisində kasıb ailədə doğulmuşdu və oxumaq istəyirdi. Ancaq oxumaq üçün pulu yox idi. O vaxt o, Hacı Zeynalabdin Tağıyevə məktub ünvanlamışdı və xahiş etmişdi ki, ona maddi kömək göstərsin. O, həkim olmaq istəyirdi. Təbii ki, Tağıyev onu tanımırdı, ancaq bir vətənpərvər, xeyirxah insan kimi ona pul göndərdi və o pul hesabına Əziz Əliyev Sankt-Peterburq Hərbi Tibb Akademiyasına daxil oldu, orada oxudu, gözəl həkim, görkəmli dövlət xadimi oldu. Onu da bildirməliyəm ki, İkinci Dünya müharibəsi zamanında o, Dağıstana birinci katib vəzifəsinə göndərilmişdir və müharibə illərində Dağıstana rəhbərlik etmişdir. O vaxt dağıstanlıları da digər Qafqaz xalqları kimi sürgün etmək üçün planlar var idi. Demək olar ki, bu qərar artıq sovet rəhbərliyi tərəfindən verilmişdi. Məhz Əziz Əliyevin fəaliyyəti, onun çox cəsarətli addımları nəticəsində dağıstanlılar bu bəladan xilas ola bildilər. Bu gün onun xatirəsi Dağıstanda yaşayır, onun şərəfinə abidə ucaldılıb. Yəni, o vaxt bizim bu zəngin neft maqnatlarımız bu işləri görürdülər. Ancaq əlbəttə ki, onlar hər bir insana kömək edə bilməzdilər. Bir də ki, o vaxt Bakının neft maqnatları arasında ermənilər də kifayət qədər çox idi. Onlar da Azərbaycanda qazanılan pulları bir çox hallarda Azərbaycan xalqının maraqlarına zidd işlərə yönəldirdilər. Beləliklə, çar Rusiyası dövründə Azərbaycan xalqının neftdən gəliri sıfır səviyyəsində idi. Sovet dövründə - o vaxt əgər 1920-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini əldən verməsəydi, hesab edirəm ki, yenə də ən zəngin ölkələrin birinə çevrilərdi. Çünki o vaxt da Azərbaycanda çıxarılan neft dünya neft bazarında əksəriyyət təşkil edirdi. Ancaq 1920-ci ildə müstəqillik əldən getdi və Azərbaycan nefti yenə də Azərbaycan xalqına kömək etmirdi. O vaxt – xüsusilə müharibə illərində neft mədənlərində işləyən insanlar çox ağır şəraitdə yaşayırdılar, gecə-gündüz çalışırdılar. Bir rəqəmi gətirə bilərəm ki, müharibə zamanı Azərbaycanda rekord səviyyədə neft hasil edilmişdir – 23 milyon ton. Yəni, cəmi bir-iki il ərzində neft hasilatı təqribən iki dəfədən çox artırıldı. O vaxt müasir texnologiyalar yox idi, bu artım daha çox insan əməyinin istismarı nəticəsində baş verirdi. Deyə bilərəm ki, bizim ailədə də bu, öz təsirini göstərdi. Çünki mənim digər babam Əlirza Əliyev pul qazanmaq üçün Naxçıvandan Bakıya gəlirdi və aylarla neft mədənlərində işləyirdi. Bu, onun səhhətinə çox mənfi təsir göstərmişdi və məhz buna görə gənc yaşlarında vəfat etdi. Yəni, o vaxt Azərbaycan nefti istismar edilirdi. İkinci Dünya müharibəsində sovet ordusunun Qələbəsində Azərbaycan neftçilərinin xüsusi, müstəsna əməyi vardır. Çünki o vaxt Sovet İttifaqında yanacağın 80 faizi, sürtkü yağlarının 90 faizi Azərbaycan tərəfindən təmin edilirdi, Azərbaycanda hərbi texnika istehsal olunurdu. Bu müharibədə 300 mindən çox Azərbaycan nümayəndəsi həlak oldu. Ancaq görün, Sovet İttifaqı dağılanda biz hansı vəziyyətlə üzləşmişdik: dağılmış neft infrastrukturu. Bu gün mənə edilən təqdimatda göstərilir ki, “Neft Daşları”na yeni həyat veriləcək. Çünki “Abşeron” yatağı “Neft Daşları” ilə bağlı olacaq.

Neft məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq, daha yaxşı şərait yaratmaq üçün vasitədir.Biz ekoloji fəlakət zonalarını ekoloji cənnət zonalarına çevirməliyik, bunu edirik və edəcəyik.

 

71.6 KB