Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Azərbaycan Dövlətinin Müharibə İştirakçılarına Qayğısı

16.07.2021

Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərinə və müharibə iştirakçılarına Prezident İlham Əliyevin tapşırığına əsasən aidiyyəti qurumlar tərəfindən qayğı və diqqət nəinki dövlət qurumlarının, həm də cəmiyyətin böyük bir hissəsinin diqqət və qayğısını çəkən təxirəsalınmaz mühüm bir vətəndaşlıq borcuna və vəzifəsinə çevrilib. Bu isə cəmiyyətdə birliyin və qarşılıqlı etimadın yeni təzahür forması kimi bütün təbəqələrdən olan insanlar tərəfindən xoş ovqatla qarşılanır, onların dövlətimizə və qalib Prezidentimizə inam hisslərini və məhəbbətini gündən-günə artırır.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılan “YAŞAT” Fondunun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi 44 gün davam edərək Azərbaycan Ordusunun parlaq qələbəsi ilə başa çatıb. Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla Azərbaycanın qalib, Ermənistanın isə məğlub olduğu bəyan edilib. Bu müharibədə Azərbaycanın minlərlə qəhrəman övladı şücaətlə düşmənə qarşı döyüşmüş, bir qismi şəhidlik zirvəsinə yüksəlmiş, bəziləri yaralanaraq fiziki sağlamlığını itirmişdir. Bu fədakar vətən övladlarına dövlətimiz tərəfindən davamlı olaraq diqqət və qayğı göstərilir. Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə, həmçinin sosial müdafiə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün yaradılıb. Müharibədə əlini, qolunu, ayağını itirmiş hərbçilərimiz üçün Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın şəxsi təşəbbüsü və nəzarəti altında müasir protezlər gətirilir. Müharibədə əlini, qolunu, ayağını itirmiş hərbçilərimiz üçün ən müasir protezlər sifariş olunub. İkinci Qarabağ müharibəsinin 100-dək qazisi artıq ən yüksək keyfiyyətli, dünyanın aparıcı firmalarının istehsalı olan protezlərlə təmin olunub və bu protezlər onları normal həyata qaytarır. Qazilər o protezlərdən istifadə edib futbol da oynaya bilərlər. Bütün bu genişmiqyaslı işlər, təşəbbüslərlə bərabər, 8400 nəfərə, müharibədə iştirak edən insanlara sosial ödənişlər verilib. Reabilitasiya mərkəzlərinin şəbəkəsi genişlənəcəkdir. Artıq bir neçə reabilitasiya mərkəzi yaradılıb və yaralanmış hərbçilərimiz orada öz sağlamlıqlarını bərpa edirlər. Ölkəmizdə reabilitasiya mərkəzlərinin müasirləşməsinə ciddi fikir verilir. Yeni il ərəfəsində Sumqayıtda belə bir tibb ocağı əsaslı təmirdən sonra işə salınıb. Həmin mərkəzdə il ərzində əlilliyi olan 1500 şəxsə səmərəli fizioterapevtik üsullar əsasında reabilitasiya xidmətləri göstəriləcək. Son iki il ərzində Mərdəkan Reabilitasiya Pansionatı, Protez–Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi, Yevlax, Naftalan, Lənkəran, Şəki, Xaçmaz, Şirvan Reabilitasiya mərkəzləri də yenidən qurularaq istifadəyə verilib. Bu müəssisələrdə müalicəvi bədən tərbiyəsi, kolonoterapiya, ozonoterapiya, elektrofarez, müalicəvi su hovuzu, buxar otağı və digər yeni prosedurlar tətbiq olunur. Şəhid ailəsi üzvlərinə və müharibə iştirakçılarına, o cümlədən yaralanmış hərbçilərə, onların uşaqlarına sosial-psixoloji xidmətlər də göstərir. Yaxın aylarda Şağan reabilitasiya pansionatı da yeni görkəmdə istifadəyə veriləcək, Qəbələ və Şəmkirdə isə uşaq reabilitasiya mərkəzləri açmaq planlaşdırılır. Ümumilikdə, yeni reabilitasiya müəssisələrinin açılması nəticəsində hər il reabilitasiya xidmətləri ilə təmin edilənlərin sayı iki dəfə artaraq 28 minə çatacaq. Bu, çox genişmiqyaslı, böyük vəsait tələb edən proqramlardır. Ancaq Azərbaycan bunu edir və bundan sonra da edəcəkdir. Bütün şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki, Azərbaycan hökuməti daim onların yanındadır.

Əhsən Qaybalıyev

 

52.3 KB