Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Azərbaycan Öz Humanitar Missiyasını Məsuliyyətlə İcra Edir

16.07.2021

Azərbaycan Respublikası Qoşulmama Hərəkatına artıq 10 ildir ki, üzv qəbul edilib. Qısa müddət ərzində ölkəmiz Hərəkatda olduqca böyük nüfuz və etimad qazanıb və bunun nəticəsidir ki, 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik Azərbaycana həvalə edilib. Bildiyimiz kimi bu il Qoşulmama Hərəkatının yaradılmasının 60 illiyi qeyd olunur. Bu hərəkatın təməlində sülh, multilateralizm və qlobal həmrəyliyin möhkəmləndirilməsi dayanır. Dünya Birliyinin məsuliyyətli və etibarlı üzvü kimi Azərbaycan koronavirus təhlükəsi yarandığı ilk günlərdən qlobal həmrəylik çağırışlarına dəstək verib, Ümumdünya Səhiyyə Təşkilatına maliyyə yardımı ayrılıb. Azərbaycan Prezidentinin koronavirusa qarşı operativ qərarları, atdığı uğurlu addımlar nəticəsində Azərbaycanın pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edib. Bununla yanaşı, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib ki, bunun da yarısı Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulub. Koronavirus infeksiyasının hər bir dövləti ciddi sınaq qarşısında qoyduğu, ölkələrin böyük itkilərlə qarşılaşdığı bir dövrdə Prezident İlham Əliyevin Azərbaycanda pandemiyanın qarşısının alınmasında gördüyü qətiyyətli tədbirlər diqqəti cəlb edib. Əldə olunan nəticələrə görə Azərbaycanın modeli dünyada böyük  maraq doğurdu.

Dünyada baş verən mürəkkəb qlobal çətinliklər Qoşulmama Hərəkatının aktuallıq və əhəmiyyətini daha da artırıb. 2021-ci il iyulun 13-də  Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransı keçirilib və bu konfransda dövlətimizin başçısı İlham Əliyevin videoformatda çıxışı təqdim edilib. Öz çıxışında Prezidentimiz "Azərbaycanın şanlı Qələbəsinin beynəlxalq hüququn, ədalətin və Qoşulmama Hərəkatı dəyərlərinin təntənəsi olduğunu" bir daha bildirmişdir. 44 günlük İkinci Qarabağ müharibəsində 30 ilin işğalına tarixi Zəfərimizlə son qoyulması Azərbaycanın regionda, dünyada yeri və roluna yeni əlavələr etdi, qalib, yeni reallıqlar yaradan ölkə olaraq diktə edən tərəf kimi çıxış etməsini şərtləndirdi. Azərbaycan bir daha işğalçı Ermənistana və ona 30 il azmış kimi bu gün də dəstək verməkdə davam edən dövlətlərə mesajlarını çatdırdı.

Azərbaycan hər zaman Ermənistana və ona havadarlıq edən dövlətlərə reallıqlarla barışmağa, sülhə, təhlükəsizliyə töhfələr verməyə çağırışlar edir.

Qoşulmama Hərəkatının COVID-19-la mübarizə sahəsində göstərdiyi səylərdən geniş bəhs edən cənab İlham Əliyev bu hədəfi də açıqlamışdır ki, qurum koronavirus pandemiyasından sonrakı dövr üçün də güclü, əlaqəli və məqsədyönlü addımlar atmalıdır. Bu mənada pandemiyadan sonra bərpa mərhələsinə dair fikir mübadiləsinin aparılması və Hərəkatın mövqeyinin müəyyən edilməsi baxımından Qoşulmama Hərəkatına üzv dövlətlərin yüksək səviyyəli iclasının keçirilməsi faydalı ola bilər. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan bu Hərəkatın əsas prinsiplərinin təbliği, onun səmərəliliyinin artırılması, müharibə əleyhinə və sülhsevər, eləcə də üzv dövlətlər arasında birlik və əməkdaşlığın gücləndirilməsi istiqamətində hər zaman fəal işləyir.

Qlobal səhiyyə böhranı fonunda “peyvənd millətçiliyi” nin narahatlıq doğurduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Azərbaycan ehtiyaclarından qat-qat artıq peyvənd tədarük edən bəzi ölkələrin davranışını ictimai şəkildə qınayıb. Bu günədək dünyada mövcud olan peyvəndlərin 82 faizdən çoxu zəngin dövlətlər tərəfindən alınıb, azgəlirli ölkələrin payına düşən peyvənd həcmi isə yalnız 0,9 faiz təşkil edir. Belə münasibət inkişaf etməkdə olan, xüsusilə də az inkişaf etmiş ölkələrin öz əhalisini qorumaq imkanına mane olur”. Prezident İlham Əliyev qeyd edib ki, bu məsələyə münasibətdə Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilib. Bununla yanaşı, biz hər fürsətdə, inkişaf etmiş ölkələri və beynəlxalq donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə də az inkişaf etmiş ölkələrə pandemiya ilə mübarizə sahəsində yardım etməyə çağırırıq. Bütün bunlar onu göstərir ki, bu Hərakatda Azərbaycan öz humanitar missiyasını layiqincə yerinə yetirir.

Gültəkin Seyidova

 

55.8 KB