Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dördüncü nazirlər görüşü

03.05.2019

 

Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 2-də dördüncü nazirlər görüşü keçirilib.

Dəyirmi masa formatında təşkil olunan tədbir “Dəqiq transformativ fəaliyyət üçün mədəniyyətlərarası dialoqun səfərbər olunması” mövzusuna həsr edilib. Görüşdə dünyada baş verən qarşıdurmalar, zorakılığın aradan qaldırılması, əməkdaşlığın qurulması və digər mühüm mövzularda çıxışlar dinlənilib.

Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayevin sədrliyi ilə keçirilən tədbirdə V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun tarixi əhəmiyyətindən söz açılıb.

Forumda 100-dən çox ölkə və 30-dan çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmilərinin iştirak etdiklərini bildirən Ə.Qarayev vurğulayıb ki, Bakı Forumu beynəlxalq mədəniyyətlərarası dialoqa bir proses kimi baxır. Nazir deyib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT-nin illik hesabatında əsas platforma kimi qeyd olunub. Ötən müddət ərzində Forumun mövzusu xeyli dəyişib və tədbirin mövzusu mövcud dünyanı narahat edən məsələləri əhatə edir: “Biz təkcə Azərbaycanda deyil, ölkəmizdən kənarda da dialoqların qurulmasına çalışırıq. Biz inanırıq ki, mədəniyyətlərarası müxtəlifliyə öz töhfəmizi verə bilirik. Bizim görüşlər və təcrübələrin bölünməsi böyük təşəbbüslər verə bilər”.

Mədəniyyətlərarası dialoqun bir tələb olduğunu vurğulayan nazir Forumun sülhə əsaslanan dünyanın qurulması məqsədini güddüyünü bildirib. Foruma dəstək verən bütün təşkilatlara minnətdarlığını bildirən Ə.Qarayev hamını müzakirələrdə iştiraka dəvət edib.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinos deyib ki, mədəniyyət hər bir millətin tarixidir. Bu və ya digər cəmiyyətin quruluşunu öyrənmək üçün onun mədəni irsinin elementlərinə diqqət yetirmək lazımdır.

Foruma töhfə vermək üçün birgə əməkdaşlığın önəmini vurğulayan BMT-nin nümayəndəsi burada müzakirə olunan məsələlərin müasir dünyanın qorunması baxımından önəm daşıdığını vurğulayıb.

Forumun Şərqlə Qərb arasında yeni körpülər yaratdığını söyləyən Avropa Şurasının Baş katibinin müavini Qabriella Battaini-Draqoni Azərbaycanın mədəniyyətlərarası dialoqda aparıcı dövlətlərdən biri olduğunu bildirib. Avropa Şurasının dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun gücləndirilməsi, gənclərin maarifləndirilməsi və digər istiqamətlərdə kompleks iş apardığını deyən Qabriella Battaini-Draqoni dünyanın 130-dan çox ölkəsində icra etdikləri “Mədəniyyətlərarası şəhərlər şəbəkəsi” layihəsindən söz açıb. Bildirib ki, hər bir şəhər onlar üçün bir təcrübə laboratoriyasıdır.

Belə bir mötəbər tədbirə dəstək verdiyinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirən ISESCO-nun Baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri deyib ki, artıq beşinci dəfə keçirilən bu forumun coğrafiyası çox genişlənib. "Biz uzun illər əl-ələ verərək Forumu dünyanın ən vacib tədbirlərindən birinə çevirdik və siyasi liderləri bu vacib mövzu ətrafında toplaya bildik. Biz qlobal dünyada yaşayırıq, özü də 20 il əvvəlki dünyadan fərqli dünyada", - deyə ISESCO-nun Baş direktoru vurğulayıb.

Baş direktor vurğulayıb ki, dünyadakı bir çox problemlərin həlli yolları var və bu məsələləri humanitar, sülhsevər qüvvələr bir yerdə müzakirə etməlidir. Müharibə, zorakılıq münaqişələrin həlli yolu deyil. Bunu artıq siyasi qüvvələr də başa düşür. Biz sülhməramlı missiyalardan istifadə etməliyik. Yalnız bu yolla münaqişələrin qarşısını ala bilərik. Biz bu istiqamətdə müştərək şəkildə çalışmalıyıq.

Əbdüləziz bin Osman əl-Tuveycri deyib: “Son illər terrorizmi İslamla əlaqələndirmək kimi yersiz fikirlər səsləndirilir. Bu, İslama təhqirdir. İslah sülh, bərabərlik, qarşılıqlı hörmət və insanlığa xidmət edən bir dindir. Dünyanın bir çox ölkələrində günahsız insanlar öldürülür, şəhərlər dağıdılır, insanlar məcbur qalaraq yaşadıqları yerləri tərk edir. Əgər biz belə məcburi miqrasiyanın qarşısını almaq istəyiriksə, insanlara yaşadıqları yerlərdə münbit şərait yaratmalıyıq. Biz bir-irimizlə dialoqa girməli və anlaşmaya meyilli olmalıyıq. Əks təqdirdə, dünyamız bu problemlərdən çıxış yolu tapmayacaq. Biz sülh və əmin-amanlıq içində yaşamaq istəyiriksə, birlikdə işləməliyik. Gəlin səbirlə, inamla işimizi davam etdirək və irəli gedək”.

Uruqvayın xarici işlər naziri Rodolfo Nin Novoa çıxışında mədəniyyətlərarası dialoqun sülhü irəliyə doğru aparan bir vasitə olduğunu bildirib. O, bu dialoqun müxtəlif ölkələr arasında yaxınlaşmaya xidmət etdiyini vurğulayıb. “Musiqinin, mədəniyyətin dili insanları dialoqa kökləyə bilər. Biz bunun sayəsində güclü əlaqələr qura və dəstəyə nail ola bilərik. Bu, xalqların rifahı üçün lazımdır. Hamımız buna xidmət etməliyik”, - deyə nazir bildirib.

Sülhün bərqərar olması üçün bu Forumun çox böyük önəm daşıdığını söyləyən Qananın xarici işlər naziri Şirli Botçvey deyib ki, ölkəsi buradakı müzakirələrə töhfə vermək istəyir. Qonaq ölkəsində insanlar, dinlər arasında mövcud olan həmrəylikdən, müxtəlifliyə verilən dəyərlərdən söz açıb: “Bu gün dünya görünməmiş sülh və təhlükəsizlik çağırışları ilə üzləşir. Bu, bizdən həmrəylik tələb edir və insan hüquqlarının qorunması baxımından önəmlidir".

Ölkələrimiz arasında tarixi dostluq əlaqələrindən danışan İranın mədəniyyət və İslam əlaqələri üzrə naziri Abuzər İbrahimi Forumun işini yüksək dəyərləndirib. Müasir dünyamızda baş verən yeniliklərdən və kamil insan yetişdirməyin zəruriliyindən söz açan qonaq insanların sülh və barış içində yaşamasının zəruriliyindən danışıb. Bildirib ki, heç vaxt dünyamız indiki qədər ədalətsizlikdən və qanunsuzluqdan əziyyət çəkməyib. Bu səbəbdən də dünyamızın sülhə və sabitliyə böyük ehtiyacı var.

Monteneqronun mədəniyyət naziri Aleksandar Boqdanoviç deyib ki, bu cür dialoq vasitəsilə sülhə, insan təhlükəsizliyinə nail ola bilərik. Ölkəsinin Azərbaycanla geniş əməkdaşlıq qurmaqda maraqlı olduğunu söyləyən nazir bildirib ki, hazırda bu istiqamətdə danışıqlar aparılır.

Türk dünyasının birliyi və təbliği baxımından reallaşdırılan layihələrdən, keçirilən tədbirlərdən söz açan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kaseinov deyib ki, Azərbaycanda artıq 5-ci dəfə təşkil olunan bu Forum ötən müddət ərzində dünyada sülhün bərqərar olmasına mühüm töhfələr verib. “Prezident İlham Əliyevin 2019-cu ili “Nəsimi ili” elan etməsi TÜRKSOY-un fəaliyyət proqramına yeni bir stimul verib. Təşkilat böyük Azərbaycan şairinin həyat və yaradıcılığının tanıdılması və təbliği məqsədilə təşkil olunacaq tədbirlərə geniş yer ayırıb”- deyə o vurğulayıb.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun qloballaşma prosesində anlaşmaya təkan verdiyini söyləyən Küveytin informasiya və gənclərlə iş naziri Mohammad Naser Abdullahı Aljabri deyib ki, mədəniyyətlərarası dialoq günümüzün zərurətidir. Nazir qeyd edib ki, bütün ölkələrin, etnik qrupların mədəniyyətləri bəşəriyyətin irsidir. Dövlətlər mədəniyyətin inkişafına kömək göstərməlidir.

Qambiyanın xarici işlər naziri Mamadou Tanqara, Əlcəzairin mədəniyyət naziri Meriem Merdaci, Myanmanın təhsil naziri Myo Thein Gyi, Andorranın UNESCO üzrə Milli Komissiyasının baş katibi Joan Miquel Armengol Petit, Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Azamat Zhamankulov, İnsan Hüquqlarının İnkişafı və Qlobal Dialoq üzrə Cenevrə Mərkəzinin icraçı direktoru İdris Cəzairi, TÜRKPA-nın nümayəndəsi Sadık Şer-Niyaz və başqaları multikulturalizm, tolerantlıq, davamlı inkişaf mövzularında çıxış ediblər.

Mədəni dəyərlərin məhv edilməsi, oğurlanması və mənimsənilməsinin qarşısının alınmasından danışan natiqlər ölkələrinin bu məsələyə xüsusi önəm verdiyini söyləyiblər.

"Biz sülh, birgəyaşayış mədəniyyəti aşılamaqla terrorizmin qarşısını ala bilərik. Bu istiqamətdə birgə çalışmalıyıq", - deyə çıxışlarda vurğulanıb.

Geniş fikir mübadiləsinin aparıldığı görüşə yekun vuran Əbülfəs Qarayev bildirib ki, növbəti gündə də iştirakçıları mühüm mövzuları özündə ehtiva edən məruzələr gözləyir.

 

172.2 KB

 

171.9 KB

 

137 KB