Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Region haqqında
Təhsil

Beyləqan

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 iyul 2011-ci il tarixli Sərəncamına əsasən, "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"-nın hazırlanması ilə bağlı Dövlət Komissiyasının yaradılması yeni dərs ili ərəfəsində ölkəmizin ictimai-siyasi və sosial həyatında ən mühüm və əhəmiyyətli hadisə olmuşdur. Müstəqli Azərbaycanda informasiya cəmiyyətinin təşəkkülünü və biliklərə əsaslanan iqtisadiyyatda keçid şəraitində yeni təhsil modelinin qurulmasını təmin edəcək Milli Strategiyanın hazırlanması təhsilin inkişafının dövlət siyasəti səviyyəsində prioritet istiqamət kimi nəzərdə tutulmasına, ölkə Prezidentinin təhsil sahəsinə göstərdiyi müntəzəm diqqət və qayğıya əyani sübutdur.

Etiraf olunmalı faktdır ki, təhsil sistemimizin yenidən qurulması ilə əlaqədar 1999-cu ildən başlanan və bu günümüzə qədər məqsədyönlü şəkildə həyata keçirilən islahatlar bu vacib strateji fəaliyyət sahəsinin inkişafına güclü təkan vermiş, ölkə təhsilin qabaqcıl dövlətlərin təhsil sistemlərinə inteqrasiyasına əlverişli şərait yaratmışdır. Nəticə etibarı ilə dünya təcrübəsində sınaqdan çıxmış innovasiyaların tətbiqinə geniş meydan açılmış, ötən müddət ərzində hər bir dərs ili özünəməxsus əlamatdar hadisələrlə zəngin olmuşdur.

Bu mənada 2010-2011-ci dərs ili də istisna deyildir. Belə ki, "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həmin Qanunun tətbiq edilməsi barədə 5 sentyabr 2009-cu il tarixli fərmanına uyğun olaraq, ümumi təhsil sahəsində təhsil orqanlarının, ümumtəhsil məktəblərinin, pedaqoji işçilərin fəaliyyətini tənzimləyən normativ-hüquqi sənədlər, o cümlədən "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramların (kurikulumları)", "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi", "Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydası", "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızılı və ya gümüş medalla təltif olunma Qaydası", "Təhsildə xüsusi nailiyyətlərə görə" qızıl və gümüş medalların təsviri", "Təhsil proqramlarının (kurikulumların) yerinə yetirilməsi müddəti", "Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə" hazırlanıb müəyyən olunmuş qaydada təsdiq ebnbnişdir.

Ümummilli lider Heydər Əliyevin adan olmasının 87-ci ildönümü münasibətilə keçirilmiş məktəblilərin ümumrespublika inşa yazı müsabiqəsi, respublika uşaqlarının II formunun keçirilməsinə hazırlıq işlərinin aparılması da 2010-2011-ci dərs ilinin ən mühüm hadisələrindəndir.

Ölkədə gedən sosial-iqtisadi inkişaf rayonumuzda da uğurla həyata keçirilir. Bu baxımdan rayon Təhsil Şöbəsi də təhsilin inkişafı yönümündə fəaliyyətini yenidən qurmağa, təhsil sisteminin qarşısına qoyulan tələblərin yerinə yetirilməsinə çalışmışdır.

Hazırda rayonda 54 ümumtəhsil məktəbi fəaliyyət göstərir və bu məktəblərdə təhsil alan 12925 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1982 nəfər müəllim məşğul olur. Şagirdlərin qabiliyyətlərinin inkişaf etdirilməsi, onların asudə vaxtlarının səmərəli təşkili üçün 3 məktəbdənkənar müəssisəyə (Uşaq Şahmat məktəbi, Gənclər İdman Məktəbi və Uşaq Yaradıcılıq Mərkəzi) 4556 nəfər şagird cəlb edilmişdir.

Ötən ildə rayonun ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, məktəb binasının təmiri sahəsində rayon Təhsil Şöbəsi tərəfindən müəyyən işlər görülmüşdür.

Yerli büdcə vəsaiti hesabına rayonun 3 məktəbində - Bahar, Şərq tam orta və Əhmədli ümumi orta məktəbində cari, 2 məktəbində - Bünyadlı və II Şahsevən kənd tam orta məktəblərində əsaslı təmir işləri aparılmışdır. Rayonda Təhsil Nazirliyinin vəsaiti hesabına 360 yerlik şəhər 3 nömrəli orta məktəbin binasının inşası artıq başa çatmışdır. Yeni dərs ilinin başlanğıcında məktəbin açılışı reallaşacaqdır. Rayonun qalan məktəblərində isə yerli bələdiyyələr və müvafiq icra qurumları tərəfindən cari təmir işləri görülmüşdür.

Cari dərs ilində məktəblərimizə 700 dəst şagird masası, 70 ədəd yazı lövhəsi, 70 ədəd müəllim masası, 70 ədəd sinif şkafı və 289 ədəd müəllim stulu alınıb rayonun təhsil müəssisələrinə çatdırılmışdır.

Rayon Təhsil Şöbəsi təlim-tərbiyənin səmərəliliyinin artırılmasında mühüm əhəmiyyətə malik olan müxtəlif məzmunlu müsabiqə və yarışların keçirilməsinə ciddi fikir vermiş və uğurlu nəticələr əldə etmişdir.

Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibəti ilə müvafiq plana uyğun olaraq silsilə tədbirlər həyata keçirilmişdir. VII-XI sinif şagirdləri arasında keçirilən inşa müsabiqəsində qalib olan VII sinif şagirdi Həsənzadə Ülvi Respublika mərhələsində rayonu təmsil etmiş və fərqlənmişdir. "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda keçirilən rəsm müsabiqəsində də qalib olan üç ədəd rəsm işi ( şəhər 3 və 4 nömrəli) Təhsil Nazirliyinə təqdim olunmuşdur. "Heydər Əliyev -88" tədbirlər çərçivəsində rayon Şahmat məktəbində turnir keçirilmiş, Süleymanlı Səxavət və Qədirli Rəşad Respublika turnirində iştirak edərək qalib yerlər qazanmışlar. Heydər Əliyev muzeyində təşkil olunmuş "Ulu öndərin irsini öyrənirik" kursunun bu ilki müdavimlərinə 10 may günündə kursu bitirmələri haqqında vəsiqələr təqdim olunmuşdur.

İl boyu rayonda yaradılmış tarix-diyarşünaslıq muzeyinə və eyni zamanda rayonun bütün ümumtəhsil məktəblərinin şagirdlərinin 31 mart azərbaycanlıların soyqırımı abidəsinə ekskursiyaları təşkil edilmişdir.

Şəhər məktəblərinin şagirdləri arasında müntəzəm olaraq bilik yarışları, intellekt oyunları keçirilmiş və qaliblər mükafatlandırılmışdır.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının Sərəncamı ilə təsdiq edilmiş "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)" nın həyata keçirilməsi istiqamətində RTŞ son illər ardıcıl iş aparmışdır. Bunun nəticəsidir ki, məktəblilərin fənn olimpiadalarının respublika turunda şagirdlərimiz həmişə olduğu kimi bu il də yaxşı nəticə göstərmişlər. Respublika turunda rayonu təmsil edən şagirdlərdən 3-ü yer tutmuşdur. Şəhər 1 nömrəli tam orta məktəbin X sinif şagirdi Yusifli Səxavət biologiya fənni, Araz qəsəbə orta məktəbinin XI sinif şagirdi Cəfiyeva Ramilə Azərbaycan dili və ədəbiyyat, Liseyin IX sinif şagirdi Yusifzadə Əlizamin biologiya fənni üzrə IV yer tutmuşlar.

Məlum olduğu kimi 2010-cu ildə Respublika Uşaqlarının I Forumu keçirilmişdir. Forumda bizim də rayondan 3 nəfər istedadlı və müxtəlif göstəriciləri olan şagird iştirak etmişdir. 2011-ci ilin noyabrında keçiriləcək II Formda isə 3 nəfər şagirdimiz iştirak hüququ qazanmışdır.

Məktəblilərlə keçirilən tədbirlər çərçivəsində onların hərbi-vətənpərvərlik tərbiyəsinə ənənəvi olaraq keçən dərs ili ərzində diqqət daha da artırılmışdır. Rayonun bütün ümumtəhsil məktəbləri "Şahin" və "Cəsurlar" hərbi-idman oyunlarında, eyni zamanda sərhəd zonasında yerləşən məktəblər isə Sərhəd Qoşunları Komandanlığının keçirdiyi hərbi-idman yarışlarında fəal iştirak etmişlər. Əlinəzərli 1, şəhər 1 nömrəli və II Şahsevən tam orta məktəblərinin komandaları respublika turunda müvəffəqiyətlə çıxış etmişlər.

Keçən dərs ilində icbari ümumi orta təhsilin həyata keçirilməsi RTŞ-nin diqqətində olan ən vacib məsələlərdən olmuşdur. Rayon Təhsil Şöbəsi rayonda icbari ümumi orta təhsilin həyata keçirilməsinin təmin edilməsi, bu məsələlərin respublika qanunvericiliyinin tələblərinə uyğun təşkil edilməsi üçün hələ dərs ilinin əvvəlində Təhsil Nazirliyinin tərtib etdiyi plana uyğun olaraq geniş tədbirlər planı hazırlamış, bu tədbirlər planında hər bir məktəbin və məktəbəqədər tərbiyə müəssisəsinin vəzifələri müəyyənləşdirilmişdir.

Dərs ili ərzində həmin tədbirlər planına uyğun olaraq rayonun hər bir ərazi nümayəndəliyi üzrə məktəbyaşlı uşaqların siyahıları dəqiqləşdirilmiş, hər bir məktəbyaşlı uşağın təhsilə cəlbi istiqamətində real iş aparılmışdır. İndi tam məsuliyyətlə demək olar ki, rayon ərazisində məktəbyaşlı bütün uşaqlar təhsilə cəlb edilmişdir. Yeni dərs ilində 1261 nəfər 6 yaşlı uşaq I siniflərə qəbul ediləcəkdir.

Ötən dərs ilində XI sinif üzrə 881 nəfər orta təhsil kursu üzrə buraxılış imtahanlarında iştirak etmişdir. Buraxılış imtahanlarından 136 nəfər məzun "qeyri-kafi" qiymət almışdır. Nəticədə 745 nəfər məzuna orta təhsil haqqında attestat verilmişdir.

İmtahanlarda ayrı-ayrı fənlər üzrə şagirdlərin təlim göstəricisi dil-ədəbiyyatdan 98, riyaziyyatdan 95, Azərbaycan tarixindən 99, fizikadan 98, kimyadan 96, biologiyadan 96, coğrafiyadan 97 və xarici dildən 97 faiz olmuşdur. Rayon üzrə mənimsəmə 85% olmuşdur. Bu rəqəm Respublika göstəricisindən 3% artıqdır. Rayonun Mil, Milabad, Günəşli, Əmirzeyidli və Mayak kənd tam orta məktəbləri 100% mənimsəmə əldə etmişlər. Lakin onu da qeyd etmək lazımdır ki, 46 orta məktəbdən 23 məktəbin (Şəhər 2, 5 nömrəli, Qəhrəmanlı, Araz, I Şahsevən 1 nömrəli, II Şahsevən, Soltanbud, Kəbirli 1 nömrəli, Yuxarı Kəbirli, Eyvazallar, Tatalılar, II Aşıqlı, Bünyadlı, Qarallar, Şərq, Xalac, Çəmənli, Yeni Mil, Baharabad, Təzəkənd, Bolsulu, Gödəklər, Allahyarlı) göstəricisi rayon səviyyəsindən aşağı olmuşdur.

Məlum olduğu kimi, ümumi təhsilin keyfiyyət göstəricilərindən biri də məzunların ali məktəblərinə qəbulunun nəticələridir. Keçən dərs ilində rayonun tam orta ümumtəhsil məktəblərini bitirən məzunlardan 414 nəfəri ali məktəblərə qəbul olmaq üçün sənəd vermişdir. Qəbul imtahanlarının nəticələrinə əsasən rayonun 164 nəfər məzunu ali məktəblərə qəbul olmuşdur. Ən çox qəbul olan məzunlar rayonun Dünyamalılar 1, şəhər 4, 2 nömrəli və I Aşıqlı tam orta məktəblərinin yetirmələridir. 500-700 bal intervalında bal toplayan məzunlarımızın sayı əvvəlki illərdən çox olaraq bu il 15 nəfər olmuşdur. 8 nəfər məzun ( Araz, Bahar, I Şahsevən 2, şəhər 4 nömrəli, Türklər, Xalac və Kəbirli 1 nömrəli) 500-dən yuxarı bal toplamışdır. 7 nəfər məzun (Əlinəzərli 1, I Şahsevən 2 nömrəli, Yeni Mil, Dünyamalılar 1 nömrəli, Tatalılar və şəhər 1 nömrəli ) 600-dən yuxarı bal toplamışdır. Rayon üzrə ən yüksək nəticəni Əlinəzərli kənd 1 nömrəli tam orta məktəbinin məzunu Məhəmmədli Türkan (641 bal) göstərmişdir. Bu məzunlar ölkənin ən nüfuzlu ali məktəblərinə qəbul olunmuşdur.

Onu da qeyd etmək lazımdır ki, qəbul imtahanlarında bütün orta məktəblərin məzunları iştirak etsə də, bunların arasından bir nəfər də olsa məzunu ali məktəblə qəbul ola bilməyən Qarallar, Çəmənli, Baharabad, Əmirzeyidli və Gödəklər məktəbləri vardır. Şübhəsiz ki, rayon Təhsil Şöbəsinin rəhbərliyi 2011-ci il məzunlarının ali məktəblərə qəbulunun nəticələrini hər il olduğu kimi, yeni dərs ilində də gündəmdə saxlayacaqdır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2011-2012-ci tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilindən sonra həmin məktəblərdə tədrisin vəziyyəti ciddi şəkildə araşdırılacaq və məktəb rəhbərləri haqqında lazımi tədbirlər görüləcəkdir.

RTŞ rəhbərliyi bütün orta məktəb direktorlarına tapşırmışdır ki, imtahanların və ali məktəblərə qəbulun nəticələrini məktəb pedaqoji şuralarında müzakirə edərək yol verilmiş nöqsanların aradan qaldırılması üçün təsirli tədbirlər görsünlər, eyni zamanda fənlərin tədrisi keyfiyyətinin yaxşılaşdırmağa hər vasitə ilə nail olsunlar.

Bununla bərabər, rayon təhsil sisteminin istiqaməti və yaranmış problemlərin aradan qaldırılması Təhsil Şöbəsi və Təhsil Şurasının işinin düzgün qurulmasından əhəmiyyətli dərəcədə asılıdır. Bu məqsədlə 2010-2011-ci dərs ili ərzində Təhsil Şurasının 10 iclası keçirilmiş 32 məsələ müzakirə edilmişdir. Bütün bunlarla yanaşı, RTŞ tərəfindən keçən dərs ilində idarəolunmada müasir tələblərə cavab verməyən təlim-tərbiyə müəssisələrinin fəaliyyətinə prinsipial qiymət verilməsi ən vacib məsələlərdən biri olmuşdur. RTŞ-nin şuralarında fənlərin tədrisi vəziyyəti müzakirə olunarkən məktəblərdə hələ də nöqsanların mövcud olduğu aşkar olunmuş, məktəb direktorlarına, metodkabinetə və aparıcı məsləhətçilərə tapşırılmışdır ki, fənlərin tədrisi keyfiyyətinin artırılması üçün il ərzində görüləcək işlərə diqqəti daha da artırsınlar, müəllimin öz dərslərində yeni təlim üsullarından, qabaqcıl müəllimlərin iş təcrübəsindən istifadə etmələrinə, öz işlərini tələb olan səviyyədə qurmalarına nəzarəti artırsınlar.

Rayon İcra hakimiyyəti başçısının təşəbbüsü ilə rayonda təhsilin keyfiyyətinin yüksəldilməsi üçün qabaqcıl müəllimlərdən ibarət təşkil olunmuş fənn komissiyaları keçən dərs ilində də fəaliyyətini uğurla davam etdirmişdir. Komissiyalar il boyu görüləcək işləri əhatə edən xüsusi fəaliyyət proqramı tərtib etmiş və həmin planlar rayonun ümumtəhsil məktəblərinə çatdırılmışdır. Komissiyalar vaxtaşırı təhsil müəssisələrində olaraq tədrisin keyfiyyətini öyrənir, apardıqları monitorinq və araşdırmaların nəticələrinə uyğun tədbirlər müəyyənləşdirib mövcud problemlərin həlli istiqamətində iş aparırlar.

Aparılan araşdırmaların nəticələri hər bir məktəbdə və təhsilyanı şurada müzakirə edilmişdir. Təhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsi üçün əlavə tədbirlər planı tərtib edilmiş və səmərəli yollar müəyyənləşdirilmişdir. İl boyu məktəblilərlə müxtəlif məzmunlu müsabiqə və yarışlar təşkil olunmuş, qaliblər rəğbətləndirilmiş, görülən işlərin nəticələri barədə vaxtaşırı Təhsil Şöbəsi və İcra hakimiyyəti başçısı qarşısında hesabat verilmişdir. Komissiyaların fəaliyyəti dövrü mətbuatda da işıqlandırılmışdır. Xüsusi olaraq qeyd etmək istərdik ki, rayon İcra hakimiyəti başçısının təşəbbüsü və yaxından köməkliyi ilə rayonumuz haqqında bütün məlumatları özündə əks etdirən "Beyləqan" ensiklopedik toplusu nəfis şəkildə çap etdirilərək içtimayətin, o cümlədən təhsil müəssisələrinin istifadəsinə verilmişdir. Fənn komissiyaları Təhsil Şöbəsi ilə birgə məktəblilər arasında təşkil etdiyi intellektual oyunlar və bilik yarışlarında müxtəlif elm sahələrinə aid suallarla yanaşı qeyd olunan ensiklopedik topludan seçilmiş suallardan da istifadə edilmişdir. Bu yarışların səmərəliliyinin artırılması üçün bütün sahələr üzrə sual-tapşırıqlar toplu şəkilində çap etdirilərək əvvəlcədən hər bir təhsil müəssisəsinə çatdırılmışdır.

Rayon Təhsil Şöbəsi ilə birgə fənn komissiyaları tərəfindən həyata keçirilən fəaliyyət planına müvafiq olaraq rayonun ümumtəhsil məktəblərində şagirdlərin bilik, bacarıq və vərdişlərinin keyfiyyət baxımından faktik vəziyyətini, habelə müəllimlərin elm-nəzəri və peşəkarlıq səviyyəsinin, fəaliyyətlərinin müasir tələblər əsasında qurub-qurmadıqlarını aşkara çıxarmaq məqsədilə Xalac, Şərq, I Aşıqlı, Tatalılar və Mayak tam orta məktəblərində Azərbaycan dili, şəhər 3 nömrəli, Şəfəq, I Şahsevən 2 nömrəli, Təzəkənd və Allahyarlı orta məktəblərində kimya, Lisey, Dünyamalılar 2 nömrəli, Qarallar, Baharabad və Əmirzeyidli orta məktəblərində riyaziyyat, I Şahsevən 1 nömrəli, Mil, Yeni Mil və Gödəklər orta məktəblərində Azərbaycan tarixi, Kəbirli 1 nömrəli və Xalac orta məktəblərində fizika, Eyvazalılar və II Şahsevən orta məktəblərində coğrafiya, Təzəkənd və Kəbirli 1 nömrəli orta məktəblərində isə biologiya fənlərinin tədrisi vəziyyəti öyrənilmiş və tədrisin keyfiyyətinin yüksəldilməsi yolları müəyyənləşdirilmişdir.Qabaqcıl müəllimlərin imkanlarından istifadə etməklə nümunəvi dərs icmallarından ibarət qovluqlar yaradılmışdır. Qoyulan nümunə dərsləri kasetlərə köçürülərək məktəblərə paylanmışdır.

Rayon Təhsil Şöbəsi yerlərdə, xüsusi ilə ucqar kənd məktəblərində mövcud olan problemlərin həlli istiqamətini həmişə diqqət mərkəzində saxlayır. Təhsil müəssisələrinin kadr təminatı üzrə İnkişaf Proqramına uyğun olaraq 10 nəfər gənc mütəxəssis rayonun müəllim ehtiyacı olan ucqar kənd məktəblərinə təyinatla göndərilmişdir. Onlara Dövlət Proqramı əsasında güzəştli əmək haqqı, həmçinin kommunal xərclər ödənilir. Lakin bununla belə rayonun bəzi kənd məktəblərində müəllim çatışmazlığı bu gün də hiss olunur. Kimya-biologiya və xarici dil müəllimlərinə ehtiyac vardır. Ucqar kənd məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi və onların tədris avadanlıqları ilə təmin olunması diqqət mərkəzində saxlanılır. Onu da qeyd edək ki, 20 məktəbəqədər tərbiyə müəssisəsində musiqi rəhbəri çatışmır.

Rayon Təhsil Şöbəsi və təlim-tərbiyə müəssisələrinin pedaqoji kollektivləri rayonun ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində gələcəkdə də ardıcıl və məqsədyönlü iş aparacaqdır.

Soyad, adı,atasının adı Təhsil aldığı məktəb Topladığı bal Daxil olduğu ali məkəb
Məhəmmədli Türkan Ağalar qızı Əlinəzərli 1 nömrəli 641 Azərbaycan Tibb Universiteti
Novruzlu Pərviz Əli oğlu I Şahsevən 2 nömrəli 637 Bakı Dövlət Universiteti
Məmmədova Ləzifə İlyas qızı Yeni Mil 623 Bakı Dövlət Universiteti
Gülmalıyeva Sevinc Hüsən qızı Dünyamalılar 1 nömrəli 615 Bakı Dövlət Universiteti
Bayramova Günay Bəhram qızı Tatalılar 605 Bakı Dövlət Universiteti
Ələkbərli Rüfət Umudvar oğlu Şəhər 1 nömrəli 600 Bakı Dövlət Universiteti
Əsədova Gültac Azad qızı Yeni Mil 600 Azərbaycan Tibb Universiteti

 

İllər 2006 2007 2008 2009 2010 2011
Məzunların sayı
 
1231 1006 764 881 742
Həmin il məzunlardan sənəd verənlər
 
473 463 420 439 414
Qəbul olunan
 
140 143 139 161 164
600-dan çox bal toplayanlar
 
1
 
1 3 7

Quliyev Vahid Qara oğlu - 1951-ci ildə Beyləqan rayonunda anadan olub. 1958-1968-ci illərdə Beyləqan şəhər 1 nömrəli tam orta məktəbində oxuyub. 1968-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olub. 1972-ci ildə universiteti bitirib. 1972-ci ildən əmək fəaliyyətinə başlayıb. 1972-1975-ci illərdə Beyləqan şəhər 2 nömrəli tam orta məktəbində müəllim işləmişdir. 1973-1974-cü illərdə hərbi xidmətdə olmuşdur. 1975-2006-cı illərdə şəhər 4 nömrəli tam orta məktəbində tədris işləri üzrə direktor. müavini vəzifəsində işləmişdir. 2006-cı ildən rayonun Təbiət və Hümanitar fənlər təmayüllü liseyində direktor vəzifəsində çalışır. 2005-ci ildə Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülmüşdür. 2008-ci ildə Müəllimlər qurultayına nümayəndə seçilmişdir. 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür.

Rüstəmova Gülyaz Çərkəz qızı - 1958-ci ildə Beyləqan rayonunda anadan olub. 1964-cü ildə Beyləqan rayonu II Şahsevən kənd tam orta məktəbin 1-ci sinifinə qəbul olunub. 1974-cü ildə həmin məktəbi bitirib. 1974-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olub. 1979-cu ildə universiteti bitirib. 1979-cu ildə II Şahsevən kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi əmək fəaliyyətinə başalyıb. 1999-cu ildə Bakı Dövlət Universitetində dissertanturaya (qiyabi) qəbul olunub. 2004-cü ildə dissertanturanı bitirib. "Azərbaycan uşaq nağıllarının xüsusiyyətləri" monoqrafiyasının, 8 elmi məqalənin müəllifidir. Dövrü mətbuat və toplularda şəhidlik mövzusunda silsilə hekayələri və bir povesti nəşr olunmuşdur. "Söndürülmüş ocaq" adlı 4 hissəli romanının iki hissəsi nəşr olunmuşdur. 2008-ci ildə "filologiya elmləri namizədi" alimlik dərəcəsi almışdır. 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin 04 oktyabr 2005-ci il tarixli. fərmanı ilə Azərbaycan Respublikasının Əməkdar müəllimi adına layiq görülmüşdür.

Əhmədova Tamara Əhməd qızı - 1953-cü ildə anadan olub. 1960-cı ildə Beyləqan rayonu Şahsevən kənd tam orta məktəbin 1-ci sinfinə qəbul olunub. 1970-ci ildə həmin məktəbi bitirib. 1971-1972-ci illərdə əmək fəaliyyəti ilə məşğul olub. 1972-ci ildə Azərbaycan Dövlət Dillər Universitetinə qəbul olub. 1976-cı ildə ingilis dili ixtisası alaraq universiteti bitirib. 1976-cı ildə Beyləqan rayon Mil qəsəbə 8 illik məktəbində müəllim kimi əmək fəaliyyətinə başlayıb. 1997-ci ildən Araz qəsəbə tam orta məktəbində müəllim vəzifəsində fəaliyyətini davam etdirmiş, həmin ildən etibarən isə Araz qəsəbə tam orta məktəbinə direktor vəzifəsinə irəli çəkilmişdir. 1995-ci ildə YAP-nın üzvüdür. Dəfələrlə Yeni Azərbaycan Partiyası, Azərbaycan Müəllimləri, Azərbaycan Qadınları qurultaylarına nümayəndə seçilib. 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının Əməkdar Müəllimi fəxri adına laiq görülüb.

Bünyatova Hicran Novruz qızı - 1953-cü ildə Cəbrayıl rayonunda anadan olub. 1960-cı ildə Cəbrayıl rayonu Soltanlı kənd məktəbin 1-ci sinfinə qəbul olub. 1970-ci ildə həmin məktəbi bitirib. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olub. 1977-ci ildə həmin universiteti bitirib. 1977-1980-ci illərdə Cəbrayıl rayonu Soltanlı kənd məktəbində müəllim işləmişdir. 1981-ci ildən Beyləqan rayonu I Şahsevən kənd 1 nömrəli tam orta məktəbində müəllim işləyir. Dövrün mətbuatında elmi-publisistik məqalələr çıxış edib. 2005-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Fəxri Fərmanı" və Azərbaycan Respublikası Prezidentinin Sərancamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

İmanov Etibar Rəşid oğlu - 1947-ci ildə Beyləqan rayonu Tatallar kəndində anadan olub. 1955-ci ildə Beyləqan rayonu Tatallar kənd məktəbin 1-ci sinfinə qəbul olub. 1966-cı ildə Beyləqan şəhər 1 nömrəli tam orta məktəbi bitirib. 1966-1967-ci illərdə əmək fəaliyyəti ilə məşğul olub. 1967-ci ildə Gəncə Dövlət Universitetinə daxil olub. 1972-ci ildə universiteti bitirib. 1967-1989-cu illərdə Tatallar kənd tam orta məktəbində müəllim, direktor müavini və direktor kimi vəzifələrdə işləmişdir. 1989-1991-ci illərdə Beyləqan rayon Partiya Komitəsinin ideologiya şöbəsinin müdiri və direktor kimi vəzifələrdə işləmişdir. 1991-1992-ci illərdə Beyləqan rayon İcra Hakimiyyətinin Tatallar ərazi nümayəndəsi vəzifəsində işləmişdir. 1992-ci ildən Tatallar kənd tam orta məktəbində müəllim işləyir. İki dəfə fəxri fərman alıb, "qabaqcıl direktor" kimi iş təcrübəsi rayonun ümumtəhsil məktəblərində yayılmışdır. 20-yə qədər elmi-publisistik və metodiki məqalələrin müəllifidir. 2010-cu ildən Azərbaycan Respublikası Prezidentinin Sərancami ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.

Əsədova Raya İsa qızı - 1960-ildə Mingəçevir şəhərində anadan olub. 1967-ci ildə Mingəçevir şəhər 12 nömrəli məktəbin 1-ci sinfinə qəbul olub. 1977-ci ildə həmin məktəbin 10-cu sinfini bitirib. 1977-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutuna daxil olub. 1981-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib. 1981-1982-ci illərdə Beyləqan rayon Komsomol Komitəsində uçot bölməsinin rəhbəri vəzifəsində çalışmışdır. 1983-cü ildə Beyləqan rayonu Dünyamalılar kənd 1 nömrəli tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. 2002-ci ildə "İlin ən yaxşı müəllimi" müsabiqəsinin rayon turunun qalibi olub. 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərancamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.

Abbasov Vüqar Bəhlul oğlu - 1967-ci ildə Beyləqan rayonunda anadan olub. 1974-cü ildə Beyləqan rayonu Dünyamalılar kənd tam orta məktəbin 1-ci sinfinə qəbul olunub. 1984-cü ildə həmin məktəbi bitirib. 1985-1987-ci illərdə hərbi xidmətdə olub. 1987-1989-cu illərdə əmək fəaliyyəti ilə məşğul olub. 1989-cu ildə Bakı Dövlət Universitetinin tarix fakultəsinə daxil olub. 1994-cü ildə universiteti bitirib. 1990-1993-cü illərdə Beyləqan rayonu Qaradağlı kənd məktəbində müəllim işləmişdir. 1994-1996-cı illərdə Çəmənli kənd tam orta məktəbində müəllimlik fəaliyyətini davam etdirmişdir. 1996-2005-ci illərdə Dünyamalılar kənd 1 nömrəli tam orta məktəbində müəllim, 2005-2009-cu illərdə isə həmin məktəbdə təşkilatçı vəzifəsində işləmişdir. 2009-cu ildən Beyləqan rayonu şəhər 1 nömrəli tam orta məktəbinə direktor vəzifəsinə irəli çəkilmişdir. 2008-ci ildə "İlin müəllimi" fəxri adına və Prezident Mükafatına layiq görülmüşdür.

Abdullayev Nadir Yaqub oğlu - 1949-cu ildə Beyləqan rayonunda anadan olub. 1957-ci ildə Beyləqan rayonu şəhər 1 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olunub. 1967-ci ildə həmin məktəbi bitirib. 1967-ci ildə Bakı Dövlət Universitetinin tarix fakultəsinə daxil olub. 1972-ci ildə universiteti bitirib. 1972-1974-cü illərdə hərbi xidmətdə olub. 1974-cü ildən Beyləqan rayonu şəhər 2 nömrəli tam orta məktəbində əmək fəaliyyətinə başlamışdır. 1974-1980-ci illərdə Beyləqan rayonu şəhər 2 nömrəli tam orta məktəbdə hərbi işlər üzrə müavin işləmişdir. 1980-2003-cü illərdə həmin məktəbdə təşkilatçı işləmişdir, 2003-cü ildən etibarən isə müəllimlik fəaliyyətini davam etdirməkdədir. 2008-ci ildən Azərbaycan Respublikası Prezidentinin Sərancamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.