Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər

ŞƏHİDİN ANIM GÜNÜ QEYD OLUNUB

21.10.2021

Oktyabrın 21-də Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Məlik Kamran oğlu Zülfüqarovun ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Anım mərasimində rayon ictimaiyyəti, mədəniyyət və təhsil işçiləri, şəhid ailələri iştirak ediblər.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şagirdlərin şəhidlər haqqında hazırladıqları bədii kompozisiya dinlənilib, şəhid yaxınları öz xatirələrini bölüşüblər.

Anım günündə çıxış edən Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan qələbədən, Azərbaycan Ordusunun sücaətindən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan bəhs edib.

Qeyd edək ki, Məlik Kamran oğlu Zülfüqarov 27 iyul 2001-ci il Kürdəmir rayonunun Karrar qəsəbəsində anadan olub. 2007-ci ildə Karrar qəsəbə tam orta məktəbinə gedib, 2018-ci ildə məktəbi bitirib. 3 oktyabr 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Müharibənin ilk günlərindən döyüşlərə qatılıb, 21 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik mərtəbəsinə yüksəlib.

Xatırladırıq ki, bir müddət əvvəl şəhid anasının ailəyə verilən 10 min manat məbləğində birdəfəlik vəsaitin Silahlı Qüvvələrə Yardım Fonduna bağışlaması dövri mətbuatda işıqlandırılmış və ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdı.