Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

ŞƏHİD BULAĞININ AÇILIŞI OLDU

15.07.2021

İyulun 14-də Beyləqan rayon I Şahsevən kəndində Şəhid Məmmədli İmran Cahangir oğlunun xatirəsinin əbədiləşdirilməsi üçün inşa edilmiş bulağın açılışı oldu. Tədbirdə kənd sakinləri, şəhidin ailə üvzləri, şəhidin döyüş yoldaşları, məktəblilər və mədəniyyət işçiləri iştirak etdilər.

Tədbir dövlət himnimizin səslənməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıldı. Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı çıxışı zamanı  qəhrəmanlıq səlnaməmizdən, Ali Baş Komandanının iradəli siyasətindən, müzəffər ordumuzdan, xatirəsi qəlbimizdə daim yaşayacaq qürür yerimiz şəhidlərimizdən söz açdı. Dövlətimizin həmişə şəhid ailələrinin, qazilərin yanında olduğunu, həmçinin mədəniyyət işçilərinin də mənəvi olaraq həmişə dəstək olduqlarını vurğuladı.

Şəhidin atası Cahangir Məmmədli çıxışında oğlunun vətən uğrunda şəhid olmasından fəxr etdiyini və bütün şəhidlərimizin qürür yerimiz olduğunu qeyd etdi. Həmçinin şəhidin qardaşı, əmisi də çıxışlarında İmran Məmmədlidən qürurla danışdılar.

Şəhid İmran Məmmədlinin döyüş yoldaşları  Vətən müharibəsi zamanı şəhidin qəhrəmanlığından, I Şahsevən kənd tam orta məktəbinin direktoru şəhid İmran Məmmədlinin məktəbdə müəllim kimi işlədiyi dövr ərzində hamının sevgisini qazanmasından geniş söz açdılar.