Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mehriban xanım Əliyevanın milli maraqlara və ümumbəşəri dəyərlərə əsaslanan səmərəli fəaliyyəti

24.08.2021

Tariximizin bütün mərhələlərində  Azərbaycan qadının adı böyük şərəflə xatırlanır. O, qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir olaraq   öz adını  tariximizin ayrı-ayrı səhifələriniə yazdıra bilmişdir. Adını tariximizə yazdıran qadınlardan biri də UNESCO-nun və ISESKO-nun Xoşməramlı səfiri, Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevadır.

Hər şeydən öncə qeyd etmək lazımdır ki, Mehriban xanım Əliyevanın öz Vətəninə, xalqına və dövlətinə böyük məhəbbət və rəğbətdən qaynaqlanan fəaliyyəti dərin ictimai məzmun daşıyır. Yəni bu fəaliyyət, qeyd etdiyimiz kimi, müxtəlif sahələri əhatə edir, həm ölkə həyatının bütün sahələrində mühüm inkişaf göstəricilərinin əldə olunmasında, həm də ölkə sərhədlərindən kənarda vətənimizin ləyaqətlə təmsil olunması istiqamətində böyük əhəmiyyət kəsb edir. Digər tərəfdən, Mehriban xanım Əliyevanın cəmiyyətin bütün təbəqələrinin mənafelərini qoruyan, həmçinin humanist, xeyriyyəçi yanaşması, qayğıkeşlik və himayədarlıq nümunəsi yaratması da onun fəaliyyətinin böyük ictimai məzmununu nümayiş etdirir. Bu gün əminliklə deyə bilərik ki, Mehriban Əliyeva Azərbaycanı layiqincə təmsil edən, ölkəmizdə və dünyada xeyriyyəçi, humanist fəaliyyəti ilə seçilən, həmçinin mədəniyyətə, idmana qayğı ilə yanaşan, elm, təhsil, səhiyyə sahələrində respublikada və beynəlxalq miqyasda böyük işlər görən bir ictimai-siyasi xadim kimi tanınır. Mehriban xanım Əliyevanın UNESCO ilə əməkdaşlıq çərçivəsindəki fəaliyyəti müxtəlif ölkələrlə mədəni əlaqələrin gücləndirilməsi, sivilizasiyalararası dialoqun genişləndirilməsi yönündə böyük əhəmiyyətə malikdir. Bu məqamda qeyd edək ki, məhz Prezident İlham Əliyevin və UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq muğam və aşıq sənəti, tar ifaçılıq sənəti, eləcə də Azərbaycan xalçası UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Dünya əhalisinin sağlamlıq və təhsil ehtiyaclarının qarşılanmasına, ölkələr arası dostluq bağlarının qurulmasına öz töhfəsini vermişdir. Öz növbəsində, UNESCO-nun baş direktoru İrina Bokova da Mehriban xanım Əliyeva ilə görüşlərində və çıxışlarında onun xoşməramlı səfir kimi Azərbaycan-UNESCO əlaqələrinin inkişafı və dünya mədəniyyətinə töhfələr baxımından fəaliyyətini yüksək qiymətləndirib. UNESCO-nun baş direktoru Mehriban xanım Əliyevanın fəaliyyəti haqqında qənaətini belə ifadə edib: “Sizi xoşməramlı səfirlər sırasında görmək bizim üçün, UNESCO üçün şərəfdir. Siz UNESCO-nun humanist dəyərlərinin əsl bayraqdarısınız”.

Mehriban xanım Əliyeva 2006-cı il noyabrın 24-də İSESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Bundan başqa, Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə Mehriban xanım Əliyevaya bu beynəlxalq təşkilatın mükafatı verilib. Eyni zamanda, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə 2007-ci ilin mayında Mehriban xanım Əliyeva “Qızıl ürək” beynəlxalq mükafatına, 2009-cu ildə Polşanın “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeninə, 2010-cu ildə Fransanın “Şərəf Legionu” ordeninə, 2012-ci ildə Rusiya Federasiyasının İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına layiq görülüb. Mehriban xanım Əliyeva, eyni zamanda, 2015-ci il fevralın 11-də Pakistan İslam Respublikasının “Hilal-e Pakistan” ali ordeni, martın 26-da isə Serbiya qarşısında ictimai, mədəni və humanitar sahələrdə xüsusi xidmətlərinə görə bu ölkənin yüksək dövlət mükafatı olan “Sreten” ordeni ilə təltif edilib.

Mehriban xanım Əliyevanın gördüyü işlər Azərbaycan mədəniyyətini dünyaya tanıtdırır və dövlətimizin imicinə müsbət təsir edir.  2004-cü il may ayının 10-da  Azərbaycanın tərəqqisi və xalqın rifahı naminə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirmək, respublikanın və xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlıq etmək, elmi tədqiqatların aparılmasına yardım göstərmək, ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etmək, uşaq müalicələrinin infrastrukturunu və başqa layihələri həyata keçirmək üçün Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu yaradılır. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə bağlı layihələri Azərbaycanın mənəvi, tarixi, mədəni irsinin qorunması işində əvəzolunmaz rol oynamışdır. Bizim milli sərvətimiz olan muğam sənətinin yenidən inkişafı və beynəlxalq arenaya çıxarılması məhz Mehriban xanım Əliyevanın təşəbbüsü nəticəsində mümkün olmuşdur. Mehriban xanım Əliyeva Azərbaycanın maddi və qeyri-maddi irsinin, Qarabağ mədəniyyətinin, Azərbaycan xalqının yaratmış olduğu ənənə və dəyərlərin dünyada tanıdılması üçün müxtəlif təqdimatlar, sərgilər, tədbirlər keçirmişdir. Azərbaycan xalqının yaratmış olduğu mədəni abidələr dünya irs siyahılarına daxil edilərək qorunma altına alınmışdır. Fransada, İtaliyada, Rusiyada və başqa ölkələrdə keçirilən çoxsaylı tədbirlər nəticəsində dünya ictimaiyyəti ölkəmizi daha yaxından tanımağa, öyrənməyə, görməyə başlamışdır. Məhz bunun nəticəsində dünya insanı Azərbaycanı müasir və dinamik inkişaf edən ölkə, eyni zamanda, Azərbaycan xalqını öz tarixi köklərinə bağlı olan multikultural və tolerant xalq kimi tanıyır. Xoşməramlı səfir kimi Mehriban xanım Əliyevanın bir çox təşəbbüsləri olmuşdur. Mirzə Kazımbəyin 200 illik, akademik Yusif Məmmədəliyevin, xalçaçı-rəssam Lətif Kərimovun, akademik Musa Əliyevin, yazıçı Mir Cəlal Paşayevin, rəssam Səttar Bəhlulzadənin və dramaturq İlyas Əfəndiyevin 100 illik, Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik, həmçinin Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının 100 illik, “Leyli və Məcnun” operasının ilk tamaşasının 100 illik, “Kitabi-Dədə Qorqud” eposunun alman dilinə tərcüməsinin və nəşrinin 200 illik yubileyləri UNESCO səviyyəsində qeyd edilmişdir. Bütün bunlarla yanaşı, Azərbaycan muğamı, xalçası, aşıq musiqisi, tar ifası, Novruz bayramı, kəlağayı sənəti, Lahıc misgərlik sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına, Çövkən-Qarabağ atüstü oyun ənənəsi isə qurumun təcili qorunmağa ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. Qız Qalası, İçərişəhər, Şirvanşahlar sarayı və Qobustan Dövlət Tarix və Bədii Qoruğu da UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmışdır.

Bu istiqamətlərdə həyata keçirilən layihələr Azərbaycan dövlətinin beynəlxalq nüfuzunu artırır və Azərbaycan xalqının necə humanist, mədəni bir xalq olduğunu dünyaya sübut edir.

                                                                                                          Əhsən Qaybalıyev