Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

QALİB XALQ

30.08.2021

Dövlətimizin başçısının qətiyyətli siyasəti Ermənistan və onun ədalətsiz havadarlarının acı məğlubiyyəti ilə nəticələndi, Azərbaycan uzun çəkən bu ədalətsiz siyasi-hərbi mübarizədən qalib çıxdı. Azərbaycan Prezidenti müdrik siyasəti, qətiyyəti ilə status-kvonu dəyişdirdi, təmas xəttini darmadağın etdi. Haqq işində Azərbaycan xalqının birliyi, qalib Prezidentinə və qəhrəman Azərbaycan Ordusuna inamı bu tarixi qələbəni reallaşdırdı. Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha təsdiq etdi. 27 sentyabrda başlayan Vətən müharibəsində silahlı qüvvələrimizin qarşısında davam gətirə bilməyən Ermənistan ordusu mülki əhalini atəşə tutmağa başladı. Bununlada onlar mülki əhalini qorxudub xalqın iradəsini, əzmini qırmağa çalışırdılar. Lakin,onlar istədiklərini əldə edə bilmədilər. Əksinə məğrur, cəsur Azərbaycan xalqı birlik, qorxmazlıq nümayiş etdirərək sona qədər düşmənin üzərinə getdi. ll Qarabağ müharibəsində qalib gəldi. Azərbaycan Prezident Cənab İlham Əliyevin dediyi kimi bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Vətən müharibəsi tariximizdə əbədi qalacaq. Bu qələbə tariximizə qızıl hərflərlə yazıldı. Azərbaycan xalqının çoxəsrlik tarixində buna oxşar parlaq və tam qələbə olmamışdır. Bu böyük qələbə nəticəsində 300-dən çox şəhəri, kəndi, qəsəbəni döyüş meydanında işğalçılardan azad etdik. İşğalçıları məcbur etdik ki, onlar kapitulyasiya aktını imzalayaraq digər rayonlardan öz xoşları ilə çıxsınlar. Ağdam, Kəlbəcər, Laçın rayonlarının bizə qaytarılması tarixi müəyyən olundu və qısa bir zaman ərzində bizə qaytarıldı. Müharibə nəticəsində biz yeddi rayondan daha çox ərazini azad etmişik. Bu ərazilərin strateji əhəmiyyəti göz önündədir. Təkcə alınmaz qala hesab edilən Şuşa şəhərinin işğaldan azad edilməsi ordumuz üçün böyük strateji əhəmiyyətə malikdir. Bundan başqa Laçın dəhlizinin ordumuzun nəzarətində olması bizə çox böyük bir üstünlük qazandırır. İşğaldan azad edilən torpaqlar həm hərbi həm də iqtisadi cəhətdən bizə çox böyük üstünlüklər verdi. Əgər 1923-cü il 7 iyul tarixi xalqımızın faciəsi idisə, 2021-ci ildə biz artıq bu qara səhifəni də qapadıq. Artıq 7 iyul gözəl bir tarix kimi tarixdə qalacaq. Çünki 2021-ci il iyulun 7-də Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının yaradılmasına dair Fərman imzalandı və beləliklə də tarixi ədalət bərpa edildi. Azərbaycanın hərbi rəhbərləri hər bir döyüş əməliyatını əvvəlcədən peşəkarlıqla analiz edib sonra döyüş əmri verirdilər. Müharibə dövründə qarşıya qoyulan hər bir döyüş tapşırığını Azərbaycan hərbçiləri peşəkarlıq, rəşadət, cəsarət, qəhrəmanlıq və eyni zamanda fədakarlıqla yerinə yetirdilər. Məhz bunun nəticəsidir ki, düşmən tərəf bizdən dəfələrlə çox itki verdi. Amma Qələbə heç də asan qazanılmır. Qazanılan qələbə neçə-neçə igid oğulların canı, qanı bahasına başa gəldi. Döyüşlərdə iştirak edən mərd oğulların hər biri bir tarix yazdı. Qəlbənin qazanılmasında ən böyük pay sahibi müqəddəs şəhidlərimizdir. Şəhidlərimizin həyat tarixçəsinə baxanda insan anlayır ki,onlar tanrı tərəfindən bu müqəddəs missiyanı yerinə yetirmək üçün doğulublar. Şəhid yaxınları, dostları onlar haqqında danışanda bir söz hər zaman duyulur. O özünə şəhidlik arzu edirdi. Şəhidlər haqqında danışmaq nə qədər ağrılı olsada, bir o qədər də qürurvericidi. Hər bir şəhidin qəlbimizə vurduğu yaranın ən ağrılı payı onların ailə üzvlərinə düşür.Kimi oğul, kimi həyat yoldaşı, kimisi isə atasını itirib. Dövlətimiz şəhid ailələrinə diqqət və qayğı ilə yanaşır. Şəhidlər tək ailə üzvlərinin deyil məğrur Azərbaycan xalqının iftixarı və qürur mənbəyidir. Onlar bizim qəlbimizdə daima yaşayacaqlar. Qalib xalqımız şəhidlərinə borcludur. Şəhidlər ölməz,vətən bölünməz! Əhsən Qaybalıyev