Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Nizami Gəncəvinin əsərlərinin el variantları” və “Ölümü ömür seçənlər” kitabının təqdimatı keçirildi

12.10.2021

 

Oktyabrın 8-də Mədəniyyət Nazirliyinin təşkil etdiyi VII Beynəlxalq Bakı Kitab Sərgisində Kürdəmir Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə nəşr olunan “Nizami Gəncəvinin əsərlərinin el variantları” və müəllifin təşəbbüsü ilə yayımlanan “Ölümü ömür seçənlər” kitabının təqdimatı keçirildi.

Əvvəlcə redaktoru və tərtibçisi yazar, ədəbiyyat araşdırmaçısı Fərid Hüseyn olan “Nizami Gəncəvinin əsərlərinin el variantları” kitabı ictimaiyyətə təqdim edildi.

Nəşrin layihə rəhbəri və ön sözün müəllifi Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı kitabın əsas ideyasından bəhs etdi: “İlk növbədə bəzən haqsız yerə Nizami Gəncəvini mübahisəli şair hesab edir, onu yazdığı dilin xalqına mənsub şəxsiyyət kimi təqdim edirlər. Nəzərə alaq ki, insan fiziki varlıqdır, şairin doğulduğu yer Gəncə şəhəridir. Bu kitab əyani şəkildə göstərir ki, yad, əcnəbi şairin əsərləri folklora, milli ədəbiyyata bu qədər hopa, nağıllarda, dastanlarda bunca süjetlərdə özünə həyat qazana bilməz. Yalnız xalqın həqiqi mənəvi övladı öz folkloruna bu qədər yaxın ola bilər, həmçinin də xalq yalnız öz əziz övladının əsərlərini öz mənəviyyatının carçısı bilərək onu öz şifahi yaddaşında əsrlər boyunca qoruyub-saxlaya bilər. Hansısa xalq yad düşüncəni, əxlaqı, dünyagörüşü tərzini özünə bu qədər yaxın buraxa bilərmi?! Bu kitab həm də onu göstərir ki, əlinizdəki nəşrlə bir daha Nizami Gəncəvinin Azərbaycan şairi olduğunu bariz örnəklərlə dünyaya çatdıraq. Bu kitab Nizami Gəncəvinin süjetlərinin folklorumuza nə qədər sirayət etdiyini, eyni zamanda dahi ədibin Azərbaycanın el yaddaşından, xalq ədəbiyyatından nə qədər məharətlə yararlandığını bir daha aydınlaşdırır. Sovet dövründə ayrı-ayrı nəşrlərdə yer alan bu əsərləri, folklor nümunələrini bir araya toplamaqla, Nizaminin xalq yaddaşını, eləcə də xalqımızın Nizami yaddaşını yenidən təzələməyə çalışdıq.”

Qeyd edək ki, “Nizami Gəncəvi İli”nə bir töhfə kimi nəşr olunan kitabın təqdimat yazısının müəllifi AMEA-nın Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoy, məsləhətçisi isə ədəbiyyatşünas Ramil Əhməddir.

Tədbirdə həmçinin tanınmış şair, esseist Səlim Babullaoğlu və Türkiyənin dəyərli qələm adamı Adnan Özər də iştirak edib fikirlərini bölüşüblər.

Daha sonra filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızının “Ölümü ömür seçənlər” kitabı təqdim edildi. Kitab 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsinində tarix yazan, Vətən, Torpaq uğrunda qəhrəmanlıqla döyüşərək canını fəda edən 39 nəfər kürdəmirli şəhid haqqındadır. Kitabda bütün kürdəmirli şəhidlərin həyatından, döyüş yolundan bəhs edən oçerklər toplanıb. Müəllif şəhid qəhrəmanların ailəsinin, doğmalarının, dostları və döyüş yoldaşlarının söylədikləri xatirələri dilimizdəki bədii sözün zəngin ifadə vasitələri ilə qələmə almış və hər bir şəhid haqqında öz düşüncələrini də əlavə etmişdir.

Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı çıxışında mədəniyyət müəssisələrində şəhidlərin adlarının əbədiləşdirilməsi üçün onların adını daşıyan sərgi salonlarının, oxu zallarının, dərs otaqlarının açılmasından, şəhidlərin döyüş yolunun təbliğinin önəmindən söhbət açdı. Bildirdi ki, “Ölümü ömür seçənlər” kitabında bütün kürdəmirli şəhidlər haqqında məlumatın yer alması onların xatirəsinin əbədiləşdirilməsi yolunda atılan önəmli addımdır və gələcək nəsillərə hərbi vətənpərvərlik ruhunun aşılanması məqsədi daşıyır.

Tədbirdə iştirak edən şəhid anası və bir sıra qələm adamları da çıxış edərək fikirlərini bölüşdü. Sonda Fərid Hüseyn və Yaqut Bahadurqızına söz verildi. Müəlliflər kitablarının yazılma prosesindən, kitabın ideyasından danışdılar.