Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN SƏDRİ, XALQ YAZIÇISI ANARLA GÖRÜŞ KEÇİRİLDİ

12.11.2021

Noyabrın 12-də Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarla görüşüb.

Faiq Xudanlı Regional İdarənin həyəta keçirdiyi ədəbi-mədəni tədbirlər haqqında danışıb. Bildirib ki, İdarənin dəstəyi ilə “Kür” ədəbi məclisi yaradılıb. Məclisin əsas məqsədi Regional İdarənin əhatə etdiyi beş rayonda (Kürdəmir, İmişli, Beyləqan, Füzuli və Xocavənd) yaşayan ədəbiyyat adamlarını bir araya gətirmək, regiondakı mədəniyyət müəssisələriylə tanış etmək, mədəniyyət-ədəbiyyat sahəsində ustad imzalarla görüşlər təşkil etmək, yazarların ədəbi nümunələrinin ölkənin nüfuzlu qəzet və jurnallarında nəşr olunmasını dəstəkləməkdir. Eyni zamanda regionda ədəbi mühitin inkişafı istiqamətində Azərbaycan Yazıçılar Birliyi və onun regiondakı bölmələri ilə sıx əməkdaşlıq əlaqələri qurulub gələcəkdə də bu istiqamətdə işlər görüləcəkdir.

Görüşdə Regional İdarənin dəstəyi ilə nəşr olunan “Nizami Gəncəvinin poetik portreti” və “Nizami Gəncəvinin əsərlərinin el variantları” kitabından da söhbət açılıb. F.Xudanlı qeyd edib ki, kitablardan birini Fərid Hüseyn, digərini isə Ramil Əhməd tərtib edib. Hər iki müəllifin AYB-nin Gənclər Şurasında təmsil olunması da müsbət bir haldır.

Daha sonra xalq yazıçısı Anar Regional İdarənin bölgədə həyata keçirdiyi işlərdən və Yazıçılar Birliyi ilə sıx əməkdaşlığından məmnun olduğunu ifadə edib. Bu əməkdaşlığın inkişafı istiqamətində gələcəkdə görülə biləcək işlər müzakirə edilib.