Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirilib

16.11.2021

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları gəmi ilə İstanbulun Demokratiya və Azadlıqlar Adasına gəliblər.

Qeyd edək ki, əvvəllər Yassıada kimi tanınan adanın adı 2013-cü ildə Demokratiya və Azadlıqlar Adası olaraq dəyişdirilib və 2015-ci ildən burada yenidənqurma işləri aparılıb. Yenidənqurma işləri başa çatdıqdan sonra ötən ilin may ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılış mərasimi keçirilib. Türkiyə demokratiyasının rəmzi hesab edilən 18 hektarlıq adada “Adnan Menderes” konqres mərkəzi, “27 May Tarix Yaylası”, “Demokratiya və insan haqları” muzeyləri, beynəlxalq toplantılar üçün salonlar və digər binalar inşa edilib. Adada demokratiyanın rəmzi olan mayak ucaldılıb.

Sonra dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.

Dövlət Başçıları Şurasının iclasını açan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bütün qonaqları İstanbulda salamladı, Zirvə Görüşünün əlaqələrimizdə yeni mərhələ açacağına əminliyini ifadə edərək dedi: “Sədrliyi təhvil aldığımız Can Azərbaycana, pandemiyaya baxmayaraq, həyata keçirdiyi uğurlu fəaliyyətlər münasibətilə təbriklərimi çatdırıram”.

“Siyasi və ictimai həmrəylik kimi, iqtisadi və ticari əlaqələri də gücləndirmək lazımdır”, - deyən Türkiyə Prezidenti hazırda türkdilli ölkələr arasındakı ticarət dövriyyəsinin 21 milyard dollar təşkil etdiyini bildirdi, qarşılıqlı sərmayələrin əhəmiyyətini, bu sahədəki maneələrin aradan qaldırılmasının vacibliyini vurğuladı. Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında nəqliyyat və logistika sahələrində əlaqələrin möhkəmləndirilməsinin vacibliyindən də danışaraq dedi: “Bu çərçivədə “Beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında Saziş”i ən qısa zamanda imzalamalıyıq. Beləliklə, Xəzərdən keçən Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi başda olmaqla aramızdakı bütün yolları bu coğrafiyanın əsas arteriyalarına çevirə bilərik. Azərbaycan-Naxçıvan bağlantısı da bu mənada həyati əhəmiyyət daşıyır”.

Zirvə Görüşünün “Rəqəmsal dövrdə yaşıl texnologiyalar və ağıllı şəhərlər” mövzusuna həsr olunduğunu deyən Rəcəb Tayyib Ərdoğan bu baxımdan Zəngilanda görülən quruculuq işlərindən bəhs etdi. “Ağıllı şəhərləşmə sahəsində işğaldan azad edilən Zəngilanda başladılan təşəbbüs, Türkistanın inkişafı, Ahaldakı intensiv fəaliyyətlər, Budapeştdə görülən işlər, Qırğızıstanda və Özbəkistandakı fəaliyyətlər təqdirəlayiqdir”, - deyə Türkiyə Prezidenti vurğuladı.

Prezident Rəcəb Tayyib Ərdoğan qlobal istiləşmə, həmçinin terrorizmlə mübarizədə səylərin birləşdirilməsinin əhəmiyyətini də qeyd edib.

Türkiyə dövlətinin başçısı deyib: “İndi qardaşım cənab Əliyevə Ordenin təqdim olunması mərasiminə başlayırıq”.

Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordenini təqdim edərək deyib:

- Hörmətli Prezident, Əziz qardaşım, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev.

Qətiyyətli rəhbərliyinizlə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır.

Vətən müharibəsi nəticəsində illərdir tətbiq olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri həyata keçirilmişdir. Azərbaycan bu yolla beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk etmişdir.

Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirmişdir. Qarabağın azadlığının rəmzi olan “Xarıbülbül” türk dünyası üçün Zəfərin müjdəçisi olmuşdur.

Qarabağ Zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda, bölgəmizdə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yolun da önü açılıb.

Fürsətdən istifadə edərək əziz Qardaşım cənab İlham Əliyevə Türk Dünyasının Ali Ordenini təqdim etməkdən dərin məmnunluq duyur, azadlıq yolunda şəhid zirvəsinə ucalan qəhrəmanlarımızı rəhmət və ehtiramla yad edirəm.

Yusif Əliyev